Bütün dünyanın COVID-19 pandemiyasının törətdiyi fəsadlardan əziyyət çəkdiyi bir vaxtda incəsənət xadimlərimiz Azərbaycanın musiqi mədəniyyətini təbliğ edərək öz təkrarolunmaz ifaları ilə insanlara dəstək verməkdədirlər. Bu sırada Azərbaycanın Xalq artisti Ramiz Quliyevin də özünəməxsus yeri var.
May ayının əvvəllərində görkəmli tarzən, Xalq artisti, professor, BMA-nın elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi Ramiz Quliyevin İran İslam Respublikası Milli Alətlər Orkestrinin bədii rəhbəri Əli Əkbər Qurbaninin təşəbbüsü ilə görkəmli bəstəkarımız Vasif Adıgözəlovun “Layla” mahnısına onlayn rejimdə beynəlxalq layihə kimi gözəl bir klip çəkilib.
“Əslində Ramiz Quliyevin Avropa ölkələrində və Amerikada bir necə aparıcı simfonik orkestrləri ilə istər konsertləri, istər beynəlxalq simpozium və festivallar çərçivəsində saysız çıxışları olub. Elə həmin - İranın Milli Alətlər Orkestri ilə də bir neçə il əvvəl “Fəcr” festivalında birgə ifaları baş tutmuşdur. Lakin indiki çıxışlarının tam fərqli, virtual formatda çəkilməsi müasir çağırışlara tam cavab verir”,- deyə Nuridə İsmayilzadə vurğulayıb.
Onun sözlərinə görə, həmin mahnı kiçik həcmli olsa da burada bəstəkarın fikir aydınlığı görünür, eyni zamanda xarakterində etnomusiqimizə aid laylayların intonasiyası aydın eşidilir. “Laylay” mahnısını bir çox musiqiçilərimiz ifa ediblər, hətta onun bəstəkar Pikə Axundova tərəfindən kamera orkestri üçün işləməsi də mövcuddur. Ramiz müəllimin İran musiqiçilərinin müşayiətilə onu birgə səsləndirməsi tamamilə yeni təəssürat yaratdı, bunun da səbəbi, təbii ki, Ramiz Quliyevin fövqəladə sənət istedadına sahib olmasıdır. Müxtəlif Şərq çalğı alətlərində ifa edən (onlar içərisində kamança, İran tarı, sitar, ud, nağara və.s) musiqiçilərin hamısı elə bil möhtəşəm musiqi və ifanın seyrinə düşmüşdülər: “Ramiz Quliyevin əsl klassik ifa üslubunda sevimli tarını bağrına basıb yanıqlı çalaraq, barmaqlarının vurduğu xallarla, həzin melodiyanın axıcılığı ilə xəyalən bizi işğal altında olan Şuşaya, Cıdır düzünə apardı.
Əslən qarabağlı olan Ramiz Quliyevin ifasında doğma torpaqları üçün həsrəti hiss olunurdu və sanki o, düşmənlərimizə ismarıc göndərirdi: “Nə qədər ki, Azərbaycan xalqı və onun sözünü dünyaya çatdıran elm və mədəniyyət xadimləri var, heç vaxt musiqi mədəniyyətimizin “beşiyi” olan Şuşa şəhəri düşmənlərimizin olmayacaq!”.
Yeni çəkilmiş klipin bu günlərdə televiziya kanallarında nümayişi başlanacaq.
Qeyd etmək lazımdır ki, Ramiz Quliyevin müasir tar ifaçılığının təbliğində, tətbiqində və inkişafında misilsiz xidmətləri var. O, həm görkəmli tarzən, həm də musiqişünas-alim kimi tar aləti ilə bağlı yaranan bütün problemlərə olduqca həssas yanaşır. Buna sübut kimi, onun Mədəniyyət Nazirliyinin təşkil etdiyi ümumrespublika seminarlarında və regionlarda təşkil olunan ustad dərslərində gənc müəllim və tarzənlərə verdiyi vacib tövsiyələrini və məsləhətlərini göstərmək olar. Bəlkə də, Ramiz Quliyevin böyük əməyi bahasına yetişdirdiyi neçə nəsil tar ifaçıları və ustadımızın baş tutmuş saysız xarici konsertlərindəki mükəmməl çıxışları sayəsində bu gün xalqımızın “şah” aləti sayılan tarın məhz Azərbaycan incəsənətinə məxsus olması heç kimdə şübhə doğurmur.