
Vəzifəsi: Nazir müavini
Əlaqə nömrəsi: +994 12 493 34 63
E-poçt: s.mammadaliyeva@mct.gov.az
Rəhbərlik
Sevda Yusuf qızı Məmmədəliyeva Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1993-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi, 1997-ci ildə professor elmi adı almışdır. 1970-1983-cü illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının elmi tədqiqat institutlarında əvvəl kiçik elmi işçi, sonra böyük elmi işçi vəzifələrində çalışmışdır.
S.Məmmədəliyeva 1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətə başlayaraq, ardıcıl olaraq dosent, professor, kafedra müdiri vəzifələrində işləmişdir.
S.Məmmədəliyeva 1997-ci ildə sosial fəlsəfə üzrə silsilə işlərinə görə Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, 1999-cu ildə Rusiya Ekoloji Akademiyasının xarici üzvü, 2000-ci ildə NOOSFERA Beynəlxalq Akademiyasının həqiqi üzvü seçilmişdir.
S.Məmmədəliyeva 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.
Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Doktorluq Dissertasiya Şurasının və həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər bölməsinin Büro və Fəlsəfə, sosiologiya və hüquq institutunun nəzdində fəaliyyət göstərən D.01115 nömrəli Dissertasiya Şurasının müxtəlif illərdə üzvü olub.
1999-cu il 4 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, 2006-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ləğv edildikdə və onun əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin 2006-cl il 7 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, 20 aprel 2018-ci ildə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ləğv edildikdə və onun əsasında Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin Fərmanı ilə Mədəniyyət Nazirinin müavini təyin edilib.
S.Məmmədəliyeva Avropa Şurasının "Stage", "Kiyev təşəbbüsü", YUNESKO-nun "Mədəni çeşidlilik", "GUAM ölkələrinin mədəniyyət üzrə observatoriyası" proqramlarının milli koordinatoru, Avropa Şurasının "Mədəni siyasət” üzrə milli məruzənin müəlliflərindən biri olub. 1999-cu ildən Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin üzvü, 2007-2011-ci illərdə isə Bürosunun üzvü olub.
YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş on üç qeyri-maddi mədəni irs nümunəsi namizədlik sənədləri və onların elmi əsaslandırması Məmmədəliyevanın rəhbərliyi altında işlənib hazırlanmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Yunesko üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədr müavinidir.
2010-cu ildən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq işçi qrupunun rəhbəri, “Bakı Prosesi” Beynəlxalq İşçi Qrupunun üzvü, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının, Bakıda 2013-cü ildə keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 8-ci Sessiyasının və 2016-cı ildə keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat komitəsinin sədr müavini təyin olunmuşdur.
Azərbaycanda və xarici ölkələrdə, o cümlədən BMT, YUNESKO, İSESKO, TÜRKSOY, MDB, GUAM, Avropa Şurasının qərargahlarında və komitələrində keçirilmiş 100-dən çox beynəlxalq simpozium, forum və konfranslarda Azərbaycanı təmsil etmişdir.
Fransa, Çexiya, İtaliya, Yunanıstan, Macarıstan, Latviya, Polşa, İraq, Dağıstan və Sankt-Peterburq (Rusiya) Hökumətlərarası Komissiyasının üzvüdür.
Sosial fəlsəfə və kulturologiya sahəsində beynəlxalq və respublika səviyyəli elmi forum, simpozium, konfransların iştirakçısıdır. 120-dən çox elmi işin, o cümlədən sosial-fəlsəfə və kulturologiya sahəsində 12 monografiya və kitabın müəllifidir.
Son illərdə nəşr edilmiş "Azərbaycanda mədəniyyət siyasəti", "Qloballaşma dövründə mədəniyyət", "Mədəniyyət və insan", “Культура устойчивого развития: от идеи к реальности”, «Диалог культур и вызовы современной эпохи» : материалы Бакинского форума, посвященного памяти Гейдара Алиева” kitabında çap edilmiş «Культура и исторический процесс» adlı məqalənin müəllifidir.
YUNESKO ilə birgə “Fərqliliklə razılaşaq” və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və BMT-nin Baş katibi Ban Ki Moonun önsözü ilə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu şərəfinə nəşr edilmiş “Mən, Biz, Bizə” kitabının hazırlanmasında yaxından iştirak edib.
1996-cı ildə elm, mədəniyyət və təhsil sahəsində xidmətlərinə görə akademik Yusuf Məmmədəliyev adına "Bilik" Azərbaycan Maarif Cəmiyyətinin, Rusiya Federasiyasının XİN nəzdində Rusiyanın Elmi və Mədəni Əməldaşlıq üzrə Mərkəzinin “Dostluq işinə verilən töhfəyə görə” , 2005-ci ildə Fransız Elmi Cəmiyyətinin , 2013 –ci ildə Azərbaycan Respublikası və TÜRKSOY təşkilatı arasında mədəniyyət sahəsində göstərdiyi dəstəyə görə “TÜRKSOY” medaları ilə təltif edilib.
2008-сi ildə Fransa Respublikasının "İncəsənət və Ədəbiyyat sahəsində xidmətlərinə görə" zabit ordeni, 2013-cü ildə İtaliya Respublikasının "Şərəf" ordeni, 2015-ci ildə Avstriyanın Elm və İncəsənət üzrə fəxri ordeni, habelə Azərbaycanda diplomatik xidmətin yaranmasının 100 illiyi medalı ilə təltif edilib.
2016-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərimə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu il 30 iyun-10 iyul tarixlərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirakına görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəlidir, bir oğlu var.