Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
388

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turistlərin ən çox səfər etdiyi tarixi məkanlardandır

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ərazisinə rayonun Qaraçay və Covurlu çayları arasındaki şimal-cənub istiqamətində uzanan yüksək yaylalar daxildir. Eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin mərkəzinin qalıqlarının olduğu bu ərazi arxeoloji tədqiqatların aparılması baxımından, həmçinin mədəniyyət və turizmin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Ümumilikdə 420 hektar ərazini əhatə edən Qoruq 3 tarixi məkandan - Antik şəhər yeri, Səlbir və Qala ərazilərindən ibarətdir.

Qoruğun direktoru Zahir Kərimov bildirib ki, bu tarixi ərazidə kəşfiyyat xarakterli ilk arxeoloji qazıntılar 1926-cı ildə arxeoloq Davud Şərifovun rəhbərliyi altında aparılıb. Arxeoloji tədqiqatlar 1945-1946-cı illərdə arxeoloq Saleh Qazıyev tərəfindən davam etdirilib. 1959-cu ildə Azərbaycan SSRİ Elmlər Akademiyası tərəfindən Saleh Qazıyevin rəhbərliyi altında Qəbələ arxeoloji ekspedisiyası yaradılıb. 1990-cı ilədək olan dövrdə arxeoloji ekspedisiyanın tərkibində Firudin Qədirov, Qara Əhmədov, İlyas Babayev, Qafar Cəbiyev və digər arxeoloqlar tərəfindən Qoruq ərazisində arxeoloji qazıntı işləri davam etdirilib.

Direktorun sözlərinə görə, uzun illər sürən fasilədən sonra - 2005-ci ildən etibarən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan mütəxəssislərin birgə fəaliyyəti ilə Qoruq ərazisində arxeoloji qazıntılar yenidən başlayıb. Aşkar edilən arxeoloji tapıntıların üzəri konservasiya olunub, məlumat lövhələri quraşdırılıb, Qoruq ərazisində müasir tələblərə cavab verən Qəbələ Arxeoloji Mərkəzi tikilib istifadəyə verilib.

Prezident İlham Əliyev 2014-cü ildə Qəbələyə səfəri zamanı Arxeoloji Mərkəzin rəsmi açılışını edib.

Arxeoloji mərkəz iki sərgi salonu (muzey), müasir tipli bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və yardımçı otaqlardan ibarətdir. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri qeydiyyata alınaraq mərkəzin fonduna təhvil verilir və sərgi salonunda ziyarətçilərə nümayiş etdirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində hər il buraya respublikanın 20-dək şəhər və rayonundan yüzlərlə məktəbli ekskursiya edir. Mərkəzdə, eyni zamanda, dünya və beynəlxalq əhəmiyyətli toplantılar keçirilir. Bura gələn xarici və yerli turist və qonaqlar qoruq ərazisində aparılmış arxeoloji qazıntı işləri ilə, Qəbələ Arxeoloji Mərkəzində sərgilənən materiallarla yaxından tanış olurlar.

Qoruğun direktoru bildirib ki, dövlətimizin başçısı tərəfindən 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi ilə əlaqədar hazırda Qəbələ Dövlət Tarix-Bədii Qoruquna və Arxeoloji Mərkəzə könüllülər cəlb edilərək, onlara Azərbaycan, rus və ingilis dillərində nəzəri-praktiki məşğələlər tədris olunur.

Zahir Kərimov deyib: “Azərbaycanın maddi və qeyri-maddi irsinin qorunub saxlanılması, tarixi, dini, mədəni abidələrin bərpası və dünyada tanıdılması üzrə Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən görülmüş işlərin miqyası ölçüyəgəlməzdir. SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası da bu təşəbbüsə öz töhfəsini vermək məqsədilə Qafqaz Albaniyasının ilk paytaxt şəhəri olmuş Qəbələ şəhərində arxeoloji tədqiqatlara dəstəyini əsirgəmir. Qəbələ ilə bağlı elmi araşdırmaların davamı olaraq “Qəbələ etnoqrafik ekspedisiyası”nın fəaliyyətinin nəticəsi olan “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası” və “Qəbələ folkloru” kitablarından ibarət toplu 3 dildə (Azərbaycan, rus, ingilis) nəşr olunaraq oxuculara təqdim olunub”.

Qəbələ rayonunun turizm bölgəsi olduğu əsas götürülərək Qoruq tərəfindən turizm şirkətləri ilə qarşılıqlı fəaliyyət göstərmək istiqamətində əməkdaşlıq əlaqələri qurulur. Bu tarixi əraziyə səfər edən vətəndaşların asudə vaxtlarının səmərəli və maraqlı təşkili üçün göl kənarında dincəlmək, balıq ovu, atla, həmçinin faytonla gəzinti, müxtəlif idman oyunları, azyaşlı uşaqların əyləncəsi üçün rəsm və rəngləmə dərsləri, mütaliə etmək istəyənlər üçün qapalı və açıq hava şəraitində kitabxana xidməti, dulusçuluq sənətinin qorunub saxlanılması və təbliği ilə əlaqədar gildən müxtəlif fiqur və qabların hazırlanması, həmçinin ağac üzərində oyma sənətinin öyrənilməsi üçün imkanlar yaradılıb.

AZƏRTAC

XƏBƏRLƏR

02.04.2020 12:08
Akademik Milli Dram Teatrının onlayn tamaşaları davam edir
02.04.2020 12:06
Azərbaycan Xalça Muzeyi “Çini, şüşə, ağac, kağız” kolleksiyasından iki nadir eksponatı təqdim edir
02.04.2020 11:35
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları
02.04.2020 11:34
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə musiqi dərsləri başlanıb
02.04.2020 11:14
Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir
01.04.2020 11:16
Respublika Gənclər Kitabxanası da onlayn xidmət göstərməyə başlayıb
31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 20:22
Birləşmiş Millətlər Təşkilatı COVİD-19 pandemiyasının yayılması ilə bağlı Yaradıcı Sənayelərə Açıq Çağırış edib
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb