Musiqili Teatrının direktoru TÜRKSOY-a üzv ölkələrin teatr direktorları şurasının toplantısında iştirak edəcək
Bir çox müxtəlif nüfuzlu beynəlxalq teatr və musiqi festivallarında münsiflər heyətində ölkəmizi təmsil edən tanınmış rejissor, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev daha bir beynəlxalq tədbirdə iştirak edəcək.
Sentyabrın 23-dən 28-dək Qırğızıstanın Oş şəhərində keçiriləcək VII Beynəlxalq “ART – ORDO – 2019” Teatr Festival çərçivəsində TÜRKSOY-a üzv ölkələrin teatr direktorları şurasının dönəm toplantısı təşkil olunacaq. Toplantıda ölkəmizi Əməkdar incəsənət xadimi Əliqismət Lalayev təmsil edəcək.
Tanınmış rejissor və teatr rəhbərlərinin iştirak edəcəyi bu toplantıda türkdilli dövlətlərin tеаtrları arasında qarşılıqlı mədəni münasibətlərin, yaradıcılıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılacaq və lazımi qərarlar qəbul ediləcək.