Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar "Könüllülər mədəniyyətinin formalaşdırılması və təbliği" mövzusunda gənclərlə görüş keçirilib. Görüşdə rayon ictimaiyyəti, təhsil, səhiyyə və mədəniyyət sahəsində çalışan gənclər iştirak ediblər.
Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova çıxış edərək cəmiyyətimizdə könüllülərin rolundan, mövqeyindən danışıb. Bildirib ki, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Azərbaycan xalqı əsrlərboyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılıb, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq cəmiyyətimizin bütün təbəqələrini əhatə edib.
Tədbirdə çıxış edənlər gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.