Şamil Əliyevin “Çölçü” filmi yeni zirvələri fəth etməkdə davam edir.
Near Nazareth Festivalı 2019 (İSRAİL) beynəlxalq kino ekspertlərindən ibarət münsiflər heyəti Şamil Əliyevin “Çölçü” filmini ən yaxşı bədii film mükafatlarının qalibi elan etmişdir.
Mükafatı təsdiq edən sertifikat filmin quruluşçu-rejissoru Şamil Əliyevə təqdim olunmuşdur.
Near Nazareth Festivalı 2019-cu ilin 2-5 dekabr tarixində keçirilmişdir. Film 2019-cu il dekabrın 3-də İzrailin Afula şəhərində tamaşaçılara təqdim olunmuşdur.
Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 57 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafatlara layiq görülüb.
“Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.
Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser Müşfiq Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.