Laçın Tarix-Diyarşünaslıq Muzeyi
Yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan Laçın Tarix-Diyarşünaslıq Muzeyi 1979-cu ildə fəaliyyətə başlamışdır. Muzeyin əsas fondunda 5 mindən artıq eksponat toplanmış, yardımçı fondla birlikdə muzeydə ümumilikdə 10 minə yaxın əşya mövcud olmuşdur.
1992-ci ildə Ermənistan tərəfindən Laçın şəhərinin işğal edilməsi nəticəsində muzey binası tamamilə dağıdılaraq yerlə yeksan edilmiş, muzey eksponatları məhv və talan edilmişdir. Beş mindən çox qiymətli eksponat talan edilərək Ermənistan Respublikasına aparılmış və hazırda Laçın Tarix-Diyarşünaslıq Muzeyinin talan olunmuş eksponatları bir sıra ölkələrdə “erməni maddi mədəniyyət nümunələri kimi” nümayiş etdirilir.
Muzey öz fəaliyyətini Bakı şəhərində bərpa etmişdir. Muzey əsasən toplama işi ilə məşğul olur və indiyədək muzeyin fonduna 1089 əşya daxil edilmişdir.