Yanvarın 24-də “Hilton” hotelində “Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirildi. Tədbir “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində gerçəkləşdi.
Konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Moskva Hökuməti və Rusiyanın TASS İnformasiya Agentliyinin dəstəyi ilə təşkil edilib. Konfransla bağlı Rusiyanın dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət, elm, təhsil xadimləri, media nümayəndələrindən ibarət böyük nümayəndə heyəti Bakıya gəlib.
Tədbirin açılışında Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamladı. Bildirdi ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” artıq qlobal platforma kimi nüfuz qazanıb və Azərbaycanda beş dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Eyni zamanda “Bakı Prosesi” BMT tərəfindən qlobal platforma kimi yüksək dəyərləndirilib.
"Moskva-Bakı: mədəniyyətlərin dialoqu" konfransının əhəmiyyətindən bəhs edən nazir qeyd etdi ki, Azərbaycanda bu il növbəti Humanitar Forum keçiriləcək. Bu gün təşkil olunan tədbir də Foruma hazırlıq məqsədi daşıyır. Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüs ilə reallaşan Humanitar Forum xalqlarımız arasında əlaqələrin daha da inkişafına zəmin yaradır, mədəniyyətlərarası dialoqa xidmət edir. Mədəniyyətlərarası dialoq isə ümumilikdə zorakılıq və qeyri-bərabərliyə qarşı birgə mübarizəyə töhfə verir.
Əbülfəs Qarayev bildirdi ki, konfransda Rusiyadan 150 nəfərə yaxın müxtəlif sahələri təmsil edən nümayəndə iştirak edir: “Tədbirə Azərbaycan tərəfdən də nüfuzlu mütəxəssislər qatılıb. Üç gün ərzində keçiriləcək tədbirlər Azərbaycanla Rusiya arasında əlaqələrin genişləndirilməsinə və Humanitar Forum çərçivəsində müzakirə olunacaq məsələlərin müəyyənləşdirilməsinə xidmət edəcək. Eyni zamanda tədbir çərçivəsində maraqlı mədəni proqram tərtib olunub. Qonaqlar Azərbaycanın bir sıra muzeylərini, teatr-konsert müəssisələrini, ali təhsil ocaqlarını ziyarət edəcəklər”.
Nazir həmçinin diqqətə çatdırdı ki, konfrans çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə Moskva Şəhər Mədəniyyət Departamenti arasında əməkdaşlığa dair protokol imzalanacaq: “Bu sənəd qarşılıqlı mədəni əlaqələrin inkişafına töhfəsini verəcək. Həmçinin çox şadıq ki, bu dəyirmi masa Mixail Qusmanın yubileyinə təsadüf edir və Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə o, "Şərəf" ordeni ilə təltif edilib. Bu münasibətilə bir daha bütün qonaqlar adından Mixail Qusmanı təbrik edirəm”.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə hazırda Rusiya kitabxanaçılardan ibarət böyük bir nümayəndə heyətinin Azərbaycana təşrif gətirdiyini diqqətə çatdıran nazir dedi ki, qonaqlar Azərbaycan Milli Kitabxanasında və digər kitabxanalarımızda görüşlər keçiriblər: “Bu cür münasibətlər, sözün əsl mənasında, mədəniyyətlərarası dialoq, mədəniyyət sahəsində təcrübə mübadiləsi deməkdir. Əminəm ki, bu görüşlər müxtəlif sahələrdə əlaqələrin inkişafına böyük töhfə verəcək”.
Rusiyanın TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman çıxış etdi. O, fəaliyyətinə verdikləri dəyərə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. M.Qusman dəyirmi masanın təşkilinə görə Azərbaycan Mədəniyyət Nazirliyinə minnətdarlığını ifadə etdi. Dedi ki, Azərbaycan xalqı hər zaman sülhsevər və qonaqpərvər olub. Bu gün Rusiya və Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir. Heydər Əliyev hər zaman Rusiya-Azərbaycan mədəni əlaqələrinə böyük diqqət yetirirdi.
Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə müşaviri, Moskva Müzikl Teatrının bədii rəhbəri Mixail Şvıdkoy çıxışı zamanı diqqətə çatdırdı ki, dəyirmi masa xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır: “Biz hər zaman bir-birimizə yaxın olmuşuq və bugünkü görüş bu yaxınlığı daha da möhkəmləndirməyə, özülü bərkitməyə xidmət edir”.
M.Şvıdkoy həmçinin vurğuladı ki, hər bir xalqın tarixi zənginliyi onun zəngin incəsənəti ilə müəyyən olunur: “Bu sənət zənginliyindən söz açarkən biz dahi Qara Qarayevin adını da qeyd etməliyik. Bu gün Moskva Konservatoriyasının dəhlizlərini onun musiqisi olmadan təsəvvür etmək mümkün deyil. Qara Qarayevin Rusiya-Azərbaycan mədəniyyəti, musiqisi sahəsində xidmətləri hər kəsə məlumdur”.
Natiq çıxışının sonunda Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin dostluq münasibətlərinin iki xalq arasında əlaqələrə müsbət təsir göstərdiyini vurğuladı.
Daha sonra Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə Moskva Şəhər Mədəniyyət Departamenti arasında əməkdaşlığa dair protokol imzalandı. Sənədi Azərbaycan tərəfdən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Rusiya tərəfindən isə Moskva Hökumətinin naziri, Moskva Şəhər Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski imzaladı.
Dəyirmi masada sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, şair Aleksandr Qorodnkçski, "Soyuzmultfilm"in baş direktoru Yuliana Slyaşova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən, iki ölkə arasında əlaqələrin perspektivindən söz açdılar.