Noyabrın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyetro Maskaninin “Kənd namusu” operası nümayiş ediləcək.
Bu dəfə səhnə əsərini idarə etmək üçün Bavariya Qut-İmmlinq Opera Sənəti Festivalının bədii rəhbəri və baş dirijoru xanım Korneliya fon Kerssenbrok dəvət olunub. Korneliya fon Kerssenbrok artıq uzun illərdir ki, Azərbaycan Opera və Balet Teatrı ilə sıx əməkdaşlıq edir.
Operada teatrın aparıcı solistlərindən Xalq artisti Samir Cəfərov (Turiddu), Əməkdar artistlər Afaq Abbasova (Santutsa), Səbinə Vahabzadə (Lüçiya), solistlər Taleh Yahyayev (Alfio) və Nina Makarova (Lola) çıxış edəcəklər.
Tamaşanın xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Qeyd edək ki, bu operanın ilk nümayişi 1890-cı il mayın 17-də Romanın “Konstans” teatrında reallaşıb. Opera son dərəcə gözəl musiqisi və kəskin dramatik süjet xətti ilə fərqlənir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında isə “Kənd namusu” operası ilk dəfə 2015-ci ildə almaniyalı rejissor Lüdviq Bauman tərəfindən səhnəyə qoyulub.