Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
684

“Solistlər ansamblı”nın müasir musiqidən ibarət konserti maraqla qarşılanıb

Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin “Solistlər ansamblı”nın konserti keçirildi. Konsertə dirijorların Y.Svetlanov adına beynəlxalq müsabiqəsinin laureatı Fuad İbrahimov rəhbərlik edirdi.

Çox rahat, fərqli və qeyri-adi ab-havada keçən ikihissəli konsert proqramında solistlər Fəridə Məmmədova (soprano), Anar Məmmədov (klarnet), Ucal Məmmədxanın (zərb alətləri) çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Müasir musiqidən ibarət repertuar, istedadlı dirijor Fuad İbrahimovun özünəməxsus dəst-xətti, solistlərin peşəkar ifaları konsert boyu zalın hədsiz səhnəyə diqqət kəsilməsinə səbəb olmuşdu. Hər bir not, hər bir səs dinləyicilər tərəfindən xüsusi maraqla dinlənilirdi.

Konsertin ilk olaraq italyan bəstəkarı S.Sciarrinonun “Şüşə arxasında səslər” əsəri səsləndi. Soprano və instrumental ansambl üçün yazılmış əsər elə ilk anlardan bir klassika əhvalı yaratdı. Daha sonra Ayaz Qəmbərlinin “Hisslər üzərində özünütəlim metodu”, Luciano Berionun “O king” əsərləri təqdim olundu. Qeyd edək ki, bəstəkar, Prezident mükafatçısı A.Qəmbərlinin adıçəkilən əsəri 2011-ci ildə Amerikanın Boston şəhərində keçirilən bəstəkarların 29-cu “Alea” III Beynəlxalq müsabiqəsində I yerə layiq görülüb.

Gecədə müasir musiqiyə xarakterik avanqard axtarışlar, akustik mühit və musiqi toxunuşları, sözün əsl mənasında, dinləyicilərə böyük zövq yaşatdı. Əsərlərin ardıcıllığı uyğunluqla seçildiyindən konsert boyunca ifaçıların asta və sürətli səsləndirmələri dinləyicilərə musiqinin templərini tam olaraq qavramaq imkanı yaradır və onları yormurdu.

Gecədə diqqətçəkən əsərlərdən biri də Alban Bergin “Wozzeck” operasından Mariyanın laylayı oldu. Əsəri ansambl üçün Moskva Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Fərəc Qarayev işləyib. Avstriya bəstəkarının bu ekspressionist operası XX əsr yeni Vyana məktəbinin şah əsərlərindən biri sayılır. Musiqi, poetiklik və ansambl üçün işlənmiş müfəssəl variant alqışlarla qarşılandı.

Konsertin ikinci hissəsi də maraqlı anlarla yaddaşlarda qaldı. Fransız bəstəkarı Georges Aperghisin “Yeddi sevginin cinayəti”, Xəyyam Mirzəzadənin “Biz səni xatırlayırıq, Çarles!”, Andrey Volkonskinin “Şazanın şikayətləri”, Louis Andriessenin “Gümüş”, Aleksandr Vustinin ”10 üçün musiqi” əsərləri müasir musiqini sevənlər üçün əsl hədiyyə idi. Konsert proqramı sənətin spesifik tərəflərinə ciddi rakursdan baxış imkanı yaratdı. Kiçik pauzalar, fraqmentlər və ifalardakı özünəməxsusluq çoxrəngli səs nöqtələrinin cazibəsində fərqli dərinlikləri hiss etdirə bildi.

Qeyd edək ki, oktyabrın 29-da P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının S.Raxmaninov zalında “Azərbaycanlı ifaçılar Moskva Konservatoriyasının kamera zallarında” silsiləsindən yekun konsert keçiriləcək. Konsertdə iştirak edəcək “Solistlər ansamblı” proqramı bütünlüklə müasir musiqidən ibarət olacaq. Proqrama Fərəc Qarayev, Alban Berq, Ayaz Qəmbərli, Xəyyam Mirzəzadə və digər bəstəkarların əsərləri daxildir. Musiqi gecəsinin aparıcısı sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcı eksperti Rauf Məmmədov olacaq.

Onu da xatırladaq ki, “Azərbaycanlı ifaçılar Moskva Konservatoriyasının kamera zallarında” silsiləsinə daxil olan altı konsert çərçivəsində pianoçular Ülviyyə Hacıbəyova və Gülşən Ənnağıyeva, skripkaçılar Osman Eyyublu və Elvin Xoca Qəniyev, habelə digər azərbaycanlı ifaçılar çıxış ediblər.

XƏBƏRLƏR

17.02.2020 15:07
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” layihəsi çərçivəsində şeir müsabiqəsi elan olunub
17.02.2020 09:24
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
17.02.2020 09:19
Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib
17.02.2020 09:07
“Balaca Şahzadə” yenidən səhnədə
14.02.2020 18:10
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.02.2020 16:35
“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir
14.02.2020 16:29
Musiqi məktəbinin şagirdi Cenevrə Konservatoriyasının tələbəsi olub
14.02.2020 16:13
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib
14.02.2020 14:17
Musiqili Teatrın yaradıcı heyəti görkəmli yazıçı Çingiz Aytmatovun əsərini səhnələşdirir
14.02.2020 11:00
Respublikanın Əməkdar artisti Xudayət Əsgərov mükafatlandırılıb
14.02.2020 10:16
Beynəlxalq kitab bağışlama günüdür
13.02.2020 16:52
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
13.02.2020 16:50
Kukla Teatrının hazırladığı yeni tamaşa - “Qızıl balıq”
13.02.2020 15:14
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində tədbirlərə start verilib