Sentyabrın 26-da Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Soltan Hacıbəyovun anadan olmasının 100, İsmayıl Hacıbəyovun 70 illiyinə həsr olunmuş konsert keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə gecəni açaraq, Soltan və İsmayıl Hacıbəyovların həyat və yaradıcılıq yollarından danışıb, onlarla bağlı xatirələrini bölüşüb.
O qeyd edib ki, dahi nəslin hər iki nümayəndəsi Azərbaycan musiqisinin inkişafına böyük töhfələr verib, onların xalq qarşısında xidmətləri çox dəyərlidir. F.Əlizadə sonda əlavə edib ki, Soltan və İsmayıl Hacıbəyovların xatirəsi daim ürəklərdə yaşayacaq.
Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Soltan və İsmayıl Hacıbəyovların əsərləri səsləndirilib.